ELM VƏ TƏHSİL
Gənclər Günü münasibətilə tələbələr mükafatlandırılıblar






Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan Dillər Universitetində (ADU) 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ictimai fəaliyyətlərinə, o cümlədən təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələr 17 nominasiya üzrə universitetin rektoru, akademik Kamal Abdullanın imzası ilə təsdiqlənmiş plaketlərlə mükafatlandırılıblar.
Sonra universitetin tələbələri Nicat Aşurov, Günay Səmədli və Elşən Qəhrəmanov Gənclər Gününün yaranması tarixindən və dövlətimizin gənclər siyasətindən danışıblar.
ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov, filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov isə universitetin tələbələrinin təhsil və ictimai həyatda yüksək göstəricilərə malik olduqlarını deyib. Bildirib ki, ADU-nun tələbələri dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmət etmək baxımından sosial şəbəkələrdə fəallıq göstərirlər və hər zaman ilk pillələrdə qərarlaşırlar.
Sonda tələbələr müxtəlif musiqi nömrələri ifa edib, şeirlər söyləyiblər.