Gənclər Novruz bayramını əsgərlərlə birgə qeyd ediblər
Tərtər, 17 mart, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman Nazirliyi ilə birgə N saylı hərbi hissədə bayram tədbiri təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə uğurlar arzulayıblar.
Hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib, ordumuzun işğal altındakı torpaqları azad etmək üçün Ali Baş Komandanın əmri ilə müharibəyə hazır olduğunu və düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərman və qiymətli hədiyyələr verilib. Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Qəhrəman Tərtərin müdafiəsində” kitabını Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədova təqdim edib.
Tədbir incəsənət xadimlərinin və rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin ifasında geniş konsert proqramı ilə başa çatıb.