Gənclər üçün “İnsan mühəndisliyi” proqramının icrasına başlanılıb
Bakı, 29 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Aqrar İnkişaf Könüllüləri İctimai Birliyi “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində “İnsan mühəndisliyi” təlim proqramına start verib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində 30 gəncə altı təlim modulu tədris olunacaq.
Proqramın Aqrar Tədqiqat Mərkəzində keçirilən açılış mərasimində çıxış edən Aqrar İnkişaf Könüllüləri İctimai Birliyinin rəhbəri Sarvan Cəbrayılzadə Birliyin fəaliyyət istiqamətlərindən danışıb. O, GTM ilə İctimai Birlik arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən paytaxtda və bölgələrdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb.
GTM-in direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaşyönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.
Marafonun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə Bakıda deyil, o cümlədən bölgələrdə təşkil olunacaq.