Gənclərdən xeyirxah təşəbbüs: “Onların kimsəsi bizik!”
Gəncə, 19 mart, Rauf Hacıyev, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin nümayəndələri Novruz bayramı ərəfəsində "Onların kimsəsi bizik!" şüarı ilə çıxış edərək kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların məskunlaşdığı Gəncə Uşaq Evində olublar.
Gəncə Uşaq Evinin rəhbəri Nazilə İsmayılova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 60-ə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı müəssisədə yüksək səviyyəli şərait və dərnək məşğələləri üçün otaqlar yaradılıb.
Tədbirdə dövlətimizin uşaqlara, gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Gənclər üçün Təhsil Mərkəzi Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə cəmiyyətin həssas qruplarından olan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara yalnız dövlət orqanlarının deyil, həm də QHT-lərin, ictimai təşkilatların, eləcə də ayrı-ayrı şəxslərin diqqətinin artırılmasının vacibliyini vurğulayıb.
Tədbir uşaq evinin balaca fidanlarının hazırladıqları "Tık-Tık xanım" tamaşası və təşkilat üzvlərinin maraqlı oyunları, eləcə də bahar bayramının personajları olan Kosa və Keçəl, Bahar qız və Novruzun iştirak etdiyi konsert proqramı ilə davam edib.
Sonda təşkilat üzvləri tərəfindən uşaq evinin sakinlərinə bayram hədiyyələri paylanılıb.