Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru BDU tələbələri ilə görüşüb






Bakı, 15 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyevin tələbələrlə görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetdə həyata keçirilən sosial layihələr, gənclərin şəxsi inkişafı, karyera planlaması istiqamətində tədbirlər barədə məlumat verib.
Mərkəzin şöbə müdiri Könül İsmayılzadə paytaxt və regionlarda görülən işləri tələbələrin diqqətinə çatdırıb.
Daha sonra baş direktor Azər Əliyev “Şəxsi inkişaf və karyera fürsətləri” mövzusunda çıxış edib. O bildirib ki, Mərkəzin əsas prioritetləri gənclərin inkişafı üçün daha geniş imkanlar yaratmaq, yeni layihələrlə onların fəallığını artırmaq, beynəlxalq və yerli əməkdaşlıqların inkişaf etdirilməsi və texnologiya, təhsil, sahibkarlıq sahələrində yeni fəaliyyətlər həyata keçirməkdir. Altı ilə yaxındır ki, gənclərin, xüsusilə region gənclərinin şəxsi inkişafı və karyera quruculuğuna dəstək məqsədilə layihələr həyata keçirən Mərkəzin 10-dan artıq regional nümayəndəliyi və 45-dək bölməsi fəaliyyət göstərir.
Baş direktor tələbələrə karyera planlanması, əmək bazarında mövcud çağırışlar, dil biliklərinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verib.
İnteraktiv şəkildə keçirilən görüşdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.