CƏMİYYƏT
General-mayor: Ölkəmizin 63 bölgəsindən 11 min 200-dən çox bioloji nümunə toplanılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan-Ermənistan münaqişəsi dövründə girov götürülmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi məqsədilə ölkəmizin 63 bölgəsindən 11 min 200-dən çox bioloji nümunə toplanılıb. Toplanan nümunələr əsasında DNT profilləri əldə olunaraq bioloji materialların mənsubluğunu müəyyənləşdirmək üçün aparılan sorğu-axtarış işləri üzrə məlumat bazası formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəhbəri general-mayor Rüfət Əliyev itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər" mövzusunda keçirilən sessiyasında söyləyib.
Onun sözlərinə görə, hazırda 4 minə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.