GENİŞ FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova mayın 19-da AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri A.Herkel və Y.Jivkova ilə görüşmüşdür.
Müvəkkil insan hüquqlarının dəstəklənməsinin Azərbaycanın demokratik inkişafının mühüm istiqamətlərindən olduğunu qeyd etmiş, ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar yerlərdə vətəndaşların seçki hüquqlarının izah edilməsi üzrə maarifləndirmə tədbirlərinin təşkili barədə məlumat vermişdir. MSK ilə əməkdaşlıq çərçivəsində təsisatın əməkdaşları üçün seçki hüququ və seçki təcrübəsi mövzusunda treninqin keçirildiyi, Ombudsman Aparatı əməkdaşlarının əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də müşahidəçi qismində iştirak edəcəyi diqqətə çatdırılmışdır.
Ombudsmanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı, o cümlədən səsvermə prosedurunun sadələşdirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar təkliflər verdiyi vurğulanmışdır. Müvəkkil Milli Məclisdə əlavə və dəyişikliklər ediləcək Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun, eyni zamanda ölkə Prezidentinin seçkilərlə bağlı sərəncamlarının yerlərdə əhaliyə izahı üzrə maarifləndirmə tədbirləri keçirəcəyini söyləmişdir. Seçicilərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi və seçici siyahılarının monitorinqinin ombudsman tərəfindən aparılacağı da diqqətə çatdırılmışdır.
Təsisatda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə əlaqədar silsilə məsləhətləşmələrin aparıldığı, bu sənədin icraçıları olan dövlət qurumları, həmçinin QHT və KİV nümayəndələrinin təmsil olunduğu və müvəkkilin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığı, respublikanın bütün rayonlarını əhatə etməklə regional ictimai dinləmələrin keçirildiyi və bu silsilə tədbirlərin davam etdiriləcəyi vurğulanmışdır. Həmin plana uyğun olaraq, cari ildə “Alternativ xidmət haqqında” qanunun da hazırlanması nəzərdə tutulmuşdur.
Müvəkkil fikir mübadiləsi şəraitində keçən görüşdə həmməruzəçilər A.Herkel və Y.Jivkovanın seçki hüququ, vicdan azadlığı, milli-dini tolerantlıq, məhkəmə qərarlarının icrası və digər məsələlərlə bağlı suallarını cavablandırmışdır.
E.Süleymanova ölkəmizdə çoxsaylı milli azlıqların, etnik qrupların tarixən dostluq şəraitində yaşadığını, onlara qarşı heç bir ayrı-seçkiliyə yol verilmədiyini, milli-dini tolerantlığın hökm sürdüyünü diqqətə çatdırmışdır.