Geologiya İnstitutunun gənc alimi Niderlandda təlim kursu keçmişdir
Bakı, 18 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun gənc alimi Fuad Əliyev Şotlandiyanın “Midland Valley” şirkətinin “Move” rəqəmsal proqram təminatının mənimsənilməsi üzrə təlim kursu keçmişdir.
AMEA Rəyasət Heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Niderlandın Delft Universitetində təşkil olunmuş kurs iyulun 16-da başa çatmışdır. Dərslər Haaqada yerləşən "4D GEO" Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klopenburq tərəfindən aparılmışdır. Proqram vasitəsilə yerin dərinlikləri, o cümlədən zəlzələ ocağı zonalarını 3D formatda modelləşdirmək, xəritələri və profil kəsilişlərini rəqəmsallaşdırmaq mümkündür.
Kurs institutun geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilmişdir. A.Klopenburq 2012-ci ilin dekabrında “Move” proqramı ilə bağlı dərsləri Geologiya İnstitutunda bir neçə gənc alimə keçmişdir.
Kursun yekununda “Move” proqramı vasitəsilə Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin 3D modelini qurmaq nəzərdə tutulur.