Geologiya və Geofizika İnstitutunun Elmi şurasının AMEA-nın 80 illiyinə həsr olunmuş yubiley iclası keçirilib






Bakı, 13 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində AMEA-nın 80 illiyinə həsr olunmuş yubiley iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə tədbiri açaraq Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən, bu qurumun inkişaf mərhələlərindən maraqlı faktlarla məlumat verib. AMEA-ya çox gənc yaşlarından qədəm qoymuş A.Əlizadə burada Azərbaycanın korifey alimlərinin yetişdiyini, onların hər birinin elmi məktəb banisi olduğunu və varis alim yetişdirməyi mənəvi və vətəndaş borcu hesab etdiyini vurğulayıb. Akademik ölkəmizin keçən əsrin sonlarına təsadüf edən iqtisadi problemlərini, siyasi baxımdan müvəqqəti çətinlikləri xatırladaraq bildirib ki, bu çətinliklər iqtisadi çətinliklərlə müşayiət olunsa da, alimlər AMEA-nı tərk etməyərək iradə və dözüm nümayiş etdiriblər. GGİ kollektivi neft geologiyası və zaman üçün aktual olan sahələrdə axtarışlarını uğurla davam etdirib. Təsadüfi deyil ki, institut Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının akkreditasiya haqqında 001 nömrəli şəhadətnaməsinə layiq görülüb.
Tədbirdə AMEA-nın müxbir üzvü Rafiq Əliyev “Süni intellektin elmlərə təsiri”, akademik Dilqəm Tağıyev “Gələcəyin kimyası”, akademik Urxan Ələkbərov “Davamlı inkişafdan ekoloji sivilizasiyaya – idarəçilikdə yeni tendensiyalar” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbirdə AMEA-nın 80 illiyinə həsr edilmiş “Geologiya və geofizikada fənlərarası tədqiqatlar-elmin gələcəyidir” IV Ümumrespublika Olimpiadasının, həmçinin “Gənc tədqiqatçı alim” müsabiqəsinin qalibləri mükafatlandırılıb.