DÜNYA
Geoloqlar İsanın ölüm gününün dəqiq tarixini müəyyənləşdirdiklərini bildirmişlər
Bakı, 26 may (AZƏRTAC). Amerika və alman geoloqlarının bildirdiyinə görə, Ölü dəniz rayonunda seysmik fəallığın təhlili nəticəsində onlar İsa peyğəmbərin ölüm gününün dəqiq tarixini müəyyənləşdirmişlər.
Bu barədə KAI agentliyi məlumat vermişdir.
Supersonic Geopysical təşkilatından Ceferson Uilyams geoloji tədqiqatlar üzrə Alman Mərkəzindəki həmkarları Markus Şvab və Axim Brauerlə birlikdə qeyd etmişlər ki, İsa peyğəmbərin çarmıxa çəkilməsi və ölümü cümə günü, bizim eranın 33-cü il aprelin 3-də baş vermişdir. Alimlər seysmik göstəriciləri Əhdi-cədidin mətni və astronomik müşahidələrlə tutuşdurmuşlar. Ölü dəniz rayonunda zəlzələnin xronologiyası göstərmişdir ki, Qüdsdən 20 kilometr aralıda yerləşən rayon eramızdan əvvəl 31-ci ildə, həmçinin bizim eranın 26 və 36-cı illəri arasında seysmik baxımdan, xüsusilə fəal olmuşdur.
İkinci zəlzələ isə Pontiy Pilatın İudey prokuratoru olduğu günlərdə baş vermişdir. İsanın bu dövrdə ölümünü dörd İncil və Roma tarixçisi Tasitin mətnləri də təsdiq edir. Uilyams İsanın ölümü ilə əlaqədar İncildə təsvir olunan qaranlığı bu yerlər üçün xarakterik olan qum burulğanı ilə əlaqələndirir.