İDMAN
GİN-in şöbə müdiri: Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkədə idman dəyərlərinin formalaşmasına təsir göstərir

Bakı, 21 aprel, AZƏRTAC
“Avropanın İdman Paytaxtları Federasiyasının rəsmiləri paytaxtımızdakı idman qurğuları ilə yaxından tanış olublar. Səfər zamanı Milli Gimnastika Arenasının, Su İdmanı Sarayının, Avropa Oyunları Parkının, Dənizkənarı Milli Parkın, cüdo üzrə yığma komandaların Təlim-Məşq Mərkəzinin, Bakı Kristal Zalının, Respublika Olimpiya Mərkəzinin fəaliyyəti barədə məlumatlandırılıblar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Elnur Məmmədov “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda dünyada ən önəmli məsələ kütləviliyin artırılmasıdır: “Artıq bir neçə gündür ki, bununla bağlı görüşlər keçirilir. Əsas hədəfimiz odur ki, hər kəsi idmanla məşğul olmağa yönəldək. Bakı hər il beynəlxalq yarışlara ev sahibliyi edir. Bu, ölkəmizdə idman dəyərlərinin formalaşmasına təsir göstərir”.