Görkəmli alim Heydər Hüseynov ölkəmizdə elmin, təhsilin inkişafına böyük töhfələr verib
Bakı, 3 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, elm təşkilatçısı Heydər Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilən “Heydər Hüseynovun elmi-nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli alim H.Hüseynovun mənalı ömür yolundan, elmi irsinin əhəmiyyətindən danışıb. H.Hüseynovun ölkəmizdə elmin, təhsilin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdıran rektor onun ali məktəblərdə, o cümlədən universitetdə (BDU) və elm müəssisələrində məsul vəzifələrdə çalışdığını, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olduğunu bildirib. Qeyd edilib ki, elmin, təhsilin inkişafına mühüm töhfələr verən görkəmli alim 250-dən çox dəyərli əsərin müəllifidir.
H.Hüseynovun fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Tədbirdə BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadənin “Heydər Hüseynovun həyatı və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi sosial elmlər və psixologiya fakültəsində vaxtilə fəlsəfə kafedrasına rəhbərlik etmiş alimin adına auditoriya və adlı təqaüdün təsis olunduğunu xatırladıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyev, professorlar İzzət Rüstəmov, Əziz Məmmədov və digər çıxış edənlər də görkəmli alim Heydər Hüseynovun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfə elminin inkişafındakı müstəsna rolundan bəhs ediblər.
Sonra “Heydər Hüseynovun həyat və yaradıcılığı”, “Azərbaycanda sosial həyatın fəlsəfədə inikası”, “Müasir fəlsəfənin inkişaf xüsusiyyətləri”, “Fəlsəfə və humanitar elmlər”, “Azərbaycanda elm” mövzusunda bölmə iclasları keçirilib.