GÖRKƏMLİ AZƏRBAYCAN KİNOREJİSSORU VAQİF MUSTAFAYEVİN TBİLİSİDƏ YARADICILIQ GECƏSİ KEÇİRİLƏCƏK
İndi özünün 50 illik yubileyini qeyd edən kinorejissoru dost Gürcüstanda da yaxşı tanıyır və yaradıcılığını diqqətlə izləyirlər. O, artıq neçə illərdir gürcü kinematoqrafçıları ilə səmərəli əməkdaşlıq edir. Odur ki, onlar Vaqif Mustafayevin Tbilisidə yaradıcılıq gecəsini təşkil etməyi qərara almışlar. Bu münasibətlə Gürcüstan Prezidenti Eduard Şevardnadze ona məktub göndərmişdir.
AZƏRTAC-ın Gürcüstan Prezidentinin mətbuat xidmətindən aldığı məktubda dövlət başçısı gürcüstanlı həmkarlarının belə bir tədbir keçirmək niyyətini əslən tbilisili olan tanınmış Azərbaycan rejissorunun gürcü kinosuna göstərdiyi məhəbbətin məntiqi cavabı adlandırır və filmlərini çəkərkən gürcü aktyorları, bəstəkarları və ya operatorları ilə daim əməkdaşlıq etməsini yüksək qiymətləndirir. E.Şevardnadze gürcülərlə azərbaycanlılar arasındakı istər mədəni, istərsə də siyasi və sadəcə olaraq, insani münasibətləri örnək ola biləcək münasibətlər hesab edir və Vaqif Mustafayevə yeni-yeni yaradıcılıq uğurları arzulayır.