GÖRKƏMLİ İQTİSADÇI ALİM ƏHMƏD MAHMUDOVUN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS
AZƏRTAC xəbər verir ki, mayın 22-də Odlar Yurdu Universitetində görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 85 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev akademik Ə.Mahmudovu təvazökar, qayğıkeş, müdrik insan, öz peşəsinin sirrlərinə dərindən yiyələnmiş alim, istedadlı təşkilatçı kimi xarakterizə etmiş, onun nəsillərə örnək olan xeyirxah əməllərindən danışmışdır.
Bildirilmişdir ki, universitetdə hər il akademik Ə.Mahmudovun doğum günü ilə bağlı beynəlxalq və respublika səviyyəli elmi konfranslar keçirilir. Bu konfranslarda respublikanın və universitetin iqtisadçı alimləri, tələbələri elmi çıxışlar etmiş, eyni zamanda, Əhməd Mahmudovun tələbələri və dostları onun elmi və həyat fəaliyyəti ilə bağlı xatirələrini söyləmişlər.
Qeyd olunmuşdur ki, bu ali təhsil ocağında ilin ən yaxşı iqtisadçı müəllimi üçün akademik Əhməd Mahmudov adına makafat və iqtisadçı tələbələr üçün təqaüd təsis edilmişdir.
Elmi Konfransda Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadənin “Akademik Əhməd Mahmudov və Azərbaycanın iqtisad elmi”, professor Əli Əlirzayevin “Akademik Əhməd Mahmudov və Azərbaycan iqtisad məktəbinin təkamülü”, professor Sadıq Salahovun “Milli istehsalçı marağının qorunmasında dövlətin rolu”, professor Jan Mari Russonun (Fransa) “İqtisadi tarazlığın təminatında valyuta siyasətinin rolu və əhəmiyyəti” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə diqqətə çatdırılmışdır ki, ölkəmizdə iqtisad elminin inkişafında müstəsna xidmətləri olan Əhməd Mahmudovun zəngin elmi və təşkilatçılıq fəaliyyəti bütünlüklə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat Bölməsi və 1958-ci ildən bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur.
Akademik Əhməd Mahmudov 1958-1964-cü illərdə İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək direktoru olmuşdur.
Ə.Mahmudov 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Alimin AMEA-nın İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də əvəzsiz xidmətləri olmuşdur.
Akademik Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, elmi məqalələrin və metodik vəsaitlərin müəllifidir.
Akademik Asəf Nadirov, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və başqaları akademik Əhməd Mahmudovun elmi əsərlərinin əhəmiyyətini vurğulamış, onun yüksək insani keyfiyyətlərindən danışmış, xatirələrini söyləmişlər.
Konfrans öz işini bölmələrdə davam etdirmişdir.
######
