GÖRKƏMLİ KİMYAÇI ALİM, AKADEMİK AYAZ ƏFƏNDİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXAQ SEMİNAR
AZƏRTAC xəbər verir ki, mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında görkəmli kimyaçı alim, akademik Ayaz Əfəndiyevin xatirəsinə həsr olunmuş “Kimyada və onun əhatəsindən kənarda sadədən mürəkkəbə doğru: nəzəriyyə ilə təcrübənin qarşılıqlı təsiri” mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır.
NATO ilə AMEA-nın birgə təşkil etdikləri seminarda ABŞ, Fransa, Almaniya, İtaliya, Azərbaycan, İspaniya və digər ölkələrin alimləri, mütəxəssisləri iştirak edirlər.
AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev çıxış edərək Ayaz Əfəndiyevin mənalı ömür yolundan, geniş elmi yaradıcılığından danışmışdır.
Diqqətə çatdırılmışdır ki, akademik Ayaz Əfəndiyev kimya elminin inkişafında səmərəli xidmətlər göstərmiş, bu sahədə mühüm elmi tədqiqatlar aparmış, uğurlu nəticələr əldə etmişdir. O, təkcə respublikamızda deyil, xarici ölkələrdə keçirilən konfranslarda, simpoziumlarda da elmimizi layiqincə təmsil etmişdir.
AMEA-da uzun illər mühüm vəzifələrdə çalışmış Ayaz Əfəndiyev 1987-ci ildən ömrünün sonunadək AMEA-nın Polimer Materialları İnstitutunun direktoru olmuşdur. Ayaz Əfəndiyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. O, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının kimya elmləri bölməsinin akademik-katibi, 2007-ci ildən isə AMEA-nın akademik-katibi kimi məsul vəzifələri icra etmişdir.
Yüksəkmolekullu birləşmələr kimyası sahəsində fundamental tədqiqatları ilə tanınan Ayaz Əfəndiyev kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsiplərini işləyib hazırlamışdır.
Ayaz Əfəndiyev 400-dək elmi əsərin, 40-a yaxın kitabın, ixtiranın və patentin müəllifidir.
Seminarda kimya məhsullarının tətbiqi, ekologiya, yeni katalizatorların alınması və s. məsələlər haqqında müzakirələr aparılmışdır.
Seminar öz işini mayın 28-də başa çatdıracaqdır.