Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi daim anılacaq
Ağsu, 1 may, AZƏRTAC
Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə nur verən Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə Əliyeva xeyirxah və humanist əməlləri ilə də yaddaşlarda silinməz iz qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağsu Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan tibb elmində silinməz izlər qoyan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Mərkəzi xəstəxananın baş həkimi Şəhrəbanı Məlikova, həkim oftalmoloq Ülviyyə Əzizova və başqaları görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, onun oftalmologiya sahəsindəki böyük xidmətlərindən, tibb elminə gətirdiyi yeniliklərdən danışıblar. Bildirilib ki, sıravi həkimdən akademikədək yüksələn Zərifə Əliyeva oftalmologiya sahəsinin inkişafı ilə yanaşı savadlı, bacarıqlı kadrların hazırlanmasında da böyük əmək sərf edib. Onun zəngin irsi, apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr verib. Fədakar həyat yoldaşı, qayğıkeş ana olan Zərifə Əliyevanın həyat və fəaliyyəti gənc nəsillərə bir örnəkdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva akademik Zərifə Əliyevanın həkimlik fəaliyyəti ilə yanaşı, ictimai həyatdakı fəallığı barədə də danışıb. Vurğulayıb ki, bu nəcib insanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.