Görkəmli riyaziyyatçı-alim Fəraməz Maqsudovun 95 illiyi qeyd olunub








Bakı, 30 aprel, AZƏRTAC
Görkəmli riyaziyyatçı alim, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. O, 1997-2000-ci illərdə AMEA-nın prezidenti kimi fəaliyyət göstərmiş akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin AMEA-nın 80 illik tarixinə nəzər salınması baxımından əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli görkəmli alim Fəraməz Maqsudovun ömrünün 50 ilə yaxın bir dövrünün AMEA ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, riyaziyyatçı alimin əldə etdiyi fundamental elmi nəticələr ona təkcə Azərbaycanda deyil, digər ölkələrdə də nüfuz qazandırıb.
Qeyd olunub ki, akademik Fəraməz Maqsudov 1974-cü ildən Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib. O, AMEA prezidenti olduğu illərdə yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm xidmətlər göstərib.
Görkəmli alimin riyaziyyatçı olmasına baxmayaraq, ədəbiyyat sahəsinə, şeirə, sənətə də böyük həvəs göstərdiyini, Azərbaycan klassiklərinin əsərlərinə dərindən bələd olduğunu bildirən AMEA rəhbəri akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr edilmiş tədbirin keçirilməsini onun şəxsiyyətinə olan ehtiramın göstəricisi kimi qiymətləndirib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda AMEA-nın 80 illik yubileyi çərçivəsində sələflərin əməyinə yüksək qiymət verməyin və onların irsini yeni nəsillərə çatdırmağın hər bir alimin borcu olduğunu vurğulayıb.
Sonra tədbirdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək funksional analiz və diferensial tənliklər sahəsində tanınmış alim, akademik Fəraməz Maqsudovun elmi və pedaqoji fəaliyyətindən bəhs edib. Professor Misir Mərdanov bildirib ki, hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Fəraməz müəllim bütün mənalı həyatını elmə həsr edib: “25 ildən çox bir müddətdə Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri kimi fəaliyyət göstərmiş bu böyük insan elmə gənc, istedadlı tədqiqatçıların gəlməsi üçün şərait yaradıb, ölkədə və keçmiş SSRİ məkanında onların elmi tədqiqat işləri aparmasını daim diqqət mərkəzində saxlayıb”.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın 80 illik yubileyi ərəfəsində akademik Fəraməz Maqsudovun anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, alimin Azərbaycan riyaziyyat elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib. O, akademik Fəraməz Maqsudovun alimliyi ilə yanaşı, alicənablığı, sadəliyi, xeyirxahlığı və digər yüksək insani keyfiyyətləri ilə Azərbaycan elmi ictimaiyyəti arasında, eləcə də bütün Türk dünyasında yüksək nüfuz və hörmət qazandığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti Azərbaycan xalqının böyük ziyalılarından olan akademik Fəraməz Maqsudovun əziz xatirəsinin hər zaman ehtiramla yad olunacağına, görkəmli alimin əsasını qoyduğu elmi məktəbin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonra AMEA-nın müşaviri akademik Telman Əliyev çıxış edərək akademik Fəraməz Maqsudovun ölkəmizdə təkcə riyaziyyat deyil, kibernetika və informatika elmlərinin inkişafında da mühüm xidmətləri olduğunu söyləyib. O, həmçinin alimin yüksək insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüb.
Tədbirdə Xəzər Universitetinin təsisçisi fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Cavad Abdinov və Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi professor Əyyub Quliyev çıxış edərək mərhum alimin 95 illik yubileyinə həsr olunmuş tədbiri yüksək qiymətləndirib, akademik Fəraməz Maqsudovun elmi fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açıblar.