GÖRKƏMLİ TEATR REJİSSORU MEHDİ MƏMMƏDOVUN ANADAN OLMASININ 90 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 21-də Teatr Xadimləri İttifaqında görkəmli teatr rejissoru, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda sənətkarın xatirəsini yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov M.Məmmədovun həyat və yaradıcılığının bəzi məqamlarından danışmışdır. Bildirmişdir ki, 1918-ci ildə respublikamızın dilbər guşəsi Şuşada anadan olan Mehdi Məmmədov Azərbaycanda XX əsr rejissor sənətinin ən parlaq simalarından biri olmuşdur.
Yubiley tədbirində sənətşünaslıq doktoru Məryəm Əlizadə, xalq artistləri, professorlar - müğənni Arif Babayev, rejissor Ağakişi Kazımov və başqaları ölkəmizdə teatr sənətinin inkişafında Mehdi Məmmədovun xidmətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Vurğulanmışdır ki, M.Məmmədov 1940-cı ildə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr Sənəti İnstitutunu bitirdikdən sonra 1940-1945-ci illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışmışdır. Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet, Milli Dram, Rus Dram teatrlarında baş rejissor vəzifələrində işlərkən səhnəyə biri-birindən dəyərli tamaşalar qoymuşdur. 1946-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim, kafedra müdiri kimi çalışmışdır. Onun əməyi orden və medallarla mükafatlandırılmışdır.
Tədbirdə videogörüntülər vasitəsilə görkəmli sənətkarın tamaşalarından səhnəciklər təqdim edilmiş, həyat və yaradıcılığına aid fotosərgi nümayiş olunmuşdur.