GÖRÜŞDƏ İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Türkiyənin Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıq Meşə mayın 23-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovla görüşmüşdür.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Tərəflər münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirərək təlim-tədris sahəsində əlaqələrin gücləndirilməsinin, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd etmişlər.
Türkiyənin Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıq Meşə Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris mərkəzində də olmuşdur. Mərkəz dünya standartlarına uyğun hərbi kompleks olmaqla, regionda özünün xüsusi özəllikləri ilə seçilir. Burada təlim-tədris prosesinin təşkil olunması üçün bütün infrastrukturun yaradılması şəxsi heyətin hərbi tapşırıqları yüksək səviyyədə icra etməsinə şərait yaradır.
Qonaq ümummilli lider Heydər Əliyevin mərkəzdə ucaldılmış abidəsini ziyarət etmişdir.
Sonra Türkiyənin Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıq Meşə mərkəzlə tanış olmuşdur. Burada Heydər muzeyi yaradılmışdır. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əsk etdirən fotoşəkillər və sənədlər nümayiş etdirilir.
Mərkəzdə İbrahim Açıq Meşəyə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizə olunması ilə bağlı məlumat verilmişdir. Qonaq müasir avadanlıqla təchiz olunmuş interaktiv tirlə tanışlıqdan sonra yüksək səviyyədə təşkil olunan 100 metrlik atıcılıq tirinə gəlmişdir. Türkiyənin Jandarma Qüvvələrinin Baş Qərargah rəisi atəş açmaqla tirin imkanları ilə tanış olmuşdur. 500 metrlik atıcılıq tirində məlumat verilmişdir ki, tir uzaq məsafəyə atəş hazırlığı üzrə bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Qonaq mərkəzin xatirə kitabına ürək sözlərini yazmışdır.
Mərkəzin yüksək səviyyədə qurulduğunu deyən Türkiyənin Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıq Meşə mərkəzlə tanışlıqdan məmnun qalmışdır.