Göyçay Gənclər Mərkəzində dəyirmi masa: “Gəncliyimiz sabahımızdır”
Göyçay, 30 yanvar, AZƏRTAC
Göyçay Gənclər Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunan "Gəncliyimiz sabahımızdır" mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan mərkəzin direktoru Anar Nağıyev əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin təhsili, dünyaya inteqrasiyası, müasir dəyərlərə malik vətəndaş kimi yetişməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü işlərdən danışıb.
Dəyirmi masa ətrafında çıxış edən M.Ə.Sabir adına mərkəzi kitabxananın şöbə müdiri Sahilə Əliyeva, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin gənc mütəxəssisi Səid Məmmədov, Gənclər Mərkəzinin əməkdaşı Nərgiz Səmədova və başqaları çıxışlarında milli-mənəvi dəyərlərimiz, o cümlədən dil, din, ailə, milli mənsubiyyət, azərbaycançılıq ideologiyası, Vətən sevgisi kimi önəmli anlayışlar barədə ətraflı danışıb, bu sahədə gənclərin üzərinə düşən vəzifələrdən bəhs ediblər.