İDMAN
Göyçay ziyalıları yeniyetmə və gənclərin olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov kimi vətənpərvər olmasını istəyirlər
Göyçay, 13 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimiz Toğrul Əsgərovun və Şərif Şərifovun uğurla çıxış edərək qızıl medal qazanmaları xalqımızın hədsiz sevincinə səbəb olmuşdur.
Olimpiadada idmançılarımızın bütün çıxışını televiziya və internet vasitəsilə diqqətlə izləyən Göyçay şəhər 7 nömrəli orta məktəbin tarix müəllimi Aqil Kəngərli AZƏRTAC-a müsahibəsində bu mötəbər yarışlarda ölkəmizin qazandığı uğurlara ürəkdən sevindiyini bildirmişdir. O, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərildiyini, bu sahədə böyük uğurların əldə edildiyini qeyd etmişdir. A. Kəngərli demişdir: “İdmançılarımız olimpiya oyunlarında Vətənimizi ləyaqətlə təmsil edir və Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırırlar. Avqustun 11-də sərbəst güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifovun finalda rəqibləri üzərində möhtəşəm qələbələri hamı kimi mənə də böyük sevinc bəxş etmişdir. Mən sevincimi ailə üzvlərimlə, dostlarımla bölüşdüm. İdman sağlam həyat tərzi deməkdir. İdmanda qazanılan qələbələr insanların vətənpərvərlik hisslərini daha da gücləndirir. Sevinirəm ki, Azərbaycan artıq idman dövləti kimi özünü tanıtdıra bilmişdir”.
Güləşçilərimizin inamlı qələbəsini hədsiz sevinclə qarşılayan ingilis dili müəllimi Günel Əhmədova artıq hər yerdə onların uğurlarından danışıldığını, bu günlərdə ölkəmizdə idman bayramının yaşandığını vurğulamışdır. Özünün də idmana böyük həvəs göstərdiyini qeyd edən G.Əhmədova demişdir ki, idmanla məşğul olmaq üçün ölkəmizin hər yerində, o cümlədən Göyçayda lazımı şərait yaradılmışdır. Mən çox şadam ki, bütün standartlara cavab verən möhtəşəm Olimpiya komplekslərindən biri də Göyçayda tikilmişdir. Yaradılmış imkanlardan təkcə idmançılar deyil, sadə rayon sakinləri də istifadə edirlər. İnanıram ki, gələcəkdə də idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında öz sözlərini deyəcək və ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Mən bir müəllim kimi öz şagirdlərimə Olimpiya çempionu Toğrul Əsgərov və Şərif Şərifov kimi vətənpərvər olmağı, gələcəkdə hansı sahədə çalışmalarından asılı olmayaraq, ölkəmizin şərəfini ləyaqətlə qorumağı təbliğ edirəm”.