İQTİSADİYYAT
GÖYÇAYDA İQTİSADİ İSLAHATLAR MÜSBƏT NƏTİCƏ VERİR
Göyçay, 19 avqust (AZƏRTAC). Son altı ildə Göyçay rayonunda yeni istehsal müəssisələrinin, sosial obyektlərin istifadəyə verilməsi, xüsusilə aqrar sahənin inkişafı insanların həyat səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur.
Rayon İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Ədalət Dövlətov AZƏRTAC-a bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ötən 6 ildə rayonun sürətli inkişafını təmin edən çox işlər görülmüşdür. Əvvəlki illərdən fərqli olaraq artıq göyçaylılar dolanışıq məqsədi ilə paytaxta və ya xarici ölkələrə üz tutmurlar. Hətta bir zamanlar qazanc ardınca digər yerlərə gedənlər yenidən öz ata-baba yurdlarına, ailələrinin yanına qayıdırlar.
Elə rayonun Bığır kənd sakini Vahid Behbudov kimi. O, uzun illər Rusiya Federasiyasında, bir müddət isə Bakı şəhərində yaşamış və işləmişdir. Vahid Behbudov artıq 2 ildir ki, rayona qayıtmışdır və işini burada qurmuşdur.
Sahibkar Vahid Behbudov deyir: “Bu gün ölkədən kənarda qazanc axtarmaqdansa, respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq daha sərfəlidir. Çünki xaricdə hər addımda cürbəcür problemlərlə qarşılaşmalı olursan. Azərbaycanda isə əksinə, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi vardır. Burada iş qurmaq, biznes planları reallaşdırmaq üçün hər cür imkanlar yaradılmışdır. Artıq bu şəraiti görən xarici ölkələrdə yaşayan həmvətənlərimiz geri qayıdaraq öhdələrində olan pay torpaqlarından və icarəyə götürdükləri sahələrdən səmərəli istifadə etməklə özlərinin və qohum-əqrəbalarının məşğulluğunu təmin edirlər. Onlar burada meyvə bağları salır, torpaq icarəyə götürərək taxılçılıq və maldarlıqla məşğul olurlar”.
Ümumiyyətlə, Dövlət Proqramının icrası ilə əlaqədar son 6 ildə rayonda 8 minə yaxın yeni iş yeri açılmışdır ki, onun 6 mini daimidir. Bu ilin 7 ayında isə rayonda 380 nəfər işlə təmin olunmuşdur. İşlə təmin olunanların əksəriyyətini bir vaxtlar qazanc dalınca rayondan paytaxta və xarici ölkələrə gedənlər və gənc nəslin nümayəndələri təşkil edirlər. Hazırda rayonda əhalinin 47.6 faizi, yəni 52 min 500 nəfəri hər hansı bir sahədə məşğuldur.