GÖYÇAYDA “NAFTALAN SAĞLAMLIQ GUŞƏSİ” AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Göyçay rayonunun Çaxırlı kəndində yeni tikilmiş “Naftalan sağlamlıq guşəsi” istifadəyə verilmişdir.
Mayın 26-da bu münasibətlə keçirilmiş mərasimdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Çaxırlı kənd bələdiyyəsinin sədri Orucəli Qəniyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Famil Zeynalov çıxış etmişlər. Onlar ölkəmizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizin hər bölgəsində, o cümlədən Göyçayda sahibkarlığın sürətlə inkişaf etməsindən, rayon mərkəzində və kəndlərdə yeni istehsal müəssisələrinin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin, sağlamlıq və istirahət guşələrinin yaradılmasından, bunun nəticəsində isə məşğulluğu təmin olunan əhalinin sosial rifah halının yüksəlməsindən danışmışlar. Naftalan neftinin böyük müalicəvi keyfiyyətini qeyd edən natiqlər rayon mərkəzindən 21 kilometr kənarda yerləşən bu müalicə mərkəzinin bölgə üçün əhəmiyyətini vurğulamışlar.
“Naftalan sağlamlıq guşəsi” MMC-nin direktoru Təyyar Əsgərov bildirmişdir ki, mərkəzdə ilin bütün fəsillərində ambulator və stasionar tibbi xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
Ərazisi 1.770 kvadratmetr olan guşədə 80 yerlik yataqxana, vanna, həkim, masaj otaqları, yeməkxana, laboratoriya, kardiologiya şöbəsi vardır. Burada Naftalan neftindən istifadə etməklə sümük-əzələ, dəri-zöhrəvi, sinir və ətrafların, damar xəstəliklərinin, sonsuzluğun və qadın xəstəliklərinin müalicəsi aparılacaqdır. Müasir tibb avadanlığı ilə təchiz olunmuş mərkəzdə gün ərzində təqribən 350 xəstənin müayinə və müalicəsi mümkün olacaqdır. Tədricən mərkəzdə işçilərin sayının 25-dən 50-yə çatdırılması nəzərdə tutulur.
Rusiyada yaşayan iş adamı Təyyar Əsgərov Azərbaycanda sahibkarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.