Göyçayda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub
Göyçay, 2 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Xalq Şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı, şair, tərcüməçi, ssenarist Anarın 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Mərasimdə ev-muzeyinin direktoru Solmaz Həsənova, rayonun ziyalıları Adil Məmmədov, Aqil Kəngərli, Əkbər Əliyev çıxış edərək yazıçının ədəbi fəaliyyəti barədə danışıblar.
Tədbir iştirakçıları Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində göz açan və şəxsiyyət kimi formalaşan Anarın millət, Vətən təəssübkeşliyi, insanlara qayğı, dünənimiz, bu günümüz və sabahımızla, azərbaycançılıqla bağlı zəngin düşüncələrini dilə gətiriblər. Bildirilib ki, Anarın yaradıcılığının əhatə dairəsi və onun əsərlərinin yayılma coğrafiyası çox genişdir. Azərbaycanda bir çox ailədə Anarın kitablarının olduğu və gənclərin inkişafında onun əsərlərinin böyük təsiri olduğu vurğulanıb. Natiqlər Anarın yaradıcılığı ilə bağlı fikirlərini dilə gətirib, onun şeirlərindən nümunələr səsləndirib, yazıçını istedadlı qələm ustası kimi dəyərləndiriblər.
Yubiley mərasimində Anarın ssenarisi əsasında çəkilən “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Nəsimi”, “Qəm pəncərəsi” bədii filmlərindən fraqmentlər göstərilib. Sonra Göyçay şəhər Uşaq-Musiqi Məktəbinin kollektivi Rəsul Rza və Nigar Rəfibəylinin şeirləri əsasında bəstələnmiş mahnıları ifa edib. Məktəblilər Rəsul Rzanın “Çinar”, “Torpaq”, Anarın “Əsrimin əsiri” şeirlərini söyləyiblər.