GÖYÇAYLILAR “NAR BAYRAMI”NA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, narçılıq Göyçay rayonunda 3000 hektara yaxın sahədə nar məhsulu yetişdirilir. Torpaq sahibləri hər il ümumilikdə 24 min tonadək nar tədarük edirlər. Məhsulun 60 faizi Rusiyaya ixrac olunur. Qalan hissəsi isə yerli bazarlara çıxarılır və zavodlara satılır.
“Göyçay-Konserv” ASC-nin, “Göyçay-Süd” ASC-nin, “AzNar” MMC-nin və “Qəbələ-Konserv” ASC-nin istehsal etdikləri nar şirələri MDB və Avropa ölkələrinə, ABŞ-a, Kanadaya, Türkiyəyə və İsrailə ixrac edilir.
Göyçayda narın gülövşə, balamürsəl, vələs, qırmızıqabıq, şah nar, nazikqabıq, şıxbaba, iridənəli, meyxoş, vanderful, qırmızı mələs və digər qiymətli sortları hasilə gətirilir.
Azərbaycanda narçılığın inkişafında xüsusi rolu olan AMEA Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçay dayaq məntəqəsində narın qədim sortları ilə yanaşı, seleksiya yolu ilə əldə olunan yeni sortlar da yetişdirilir. 1948-ci ildən fəaliyyət göstərən və 97 hektar ərazisi olan bu dayaq məntəqəsində bir çox meyvələrlə yanaşı, nar bitkisinin də sortlaşdırılması ilə elmi işçilər və aqrotexniklər məşğul olurlar. Əldə edilən yeni sortlar rayonun Qarabaqqal kəndində yerləşən Dövlət Sort Sınaq Məntəqəsində becərilərək çoxaldılır. Bu məntəqələrdə çalışan mütəxəssislər hər il Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu, Salyan, Sabirabad, İmişli, Beyləqan və Şəmkir rayonlarının bağbanlarını müxtəlif sort nar ağacları ilə təmin edir, onların becərilməsi qaydaları barədə məsləhətlər verirlər.
Göyçaylılar artıq üçüncü ildir ki, narın şərəfinə bayram tədbiri keçirirlər. Artıq xeyli vaxtdır ki, noyabrın 7-də keçirilməsi nəzərdə tutulan “Nar bayramı” tədbirinə hazırlıq işləri görülür. Bayram tədbiri ilə əlaqədar xüsusi proqram hazırlanmışdır, Göyçay şəhərində təmizlik-abadlıq işləri görülmüş, küçələr və parklar bayramsayağı bəzədilmişdir. Tədbirə 300-dək rəsmi qonaq dəvət olunmuşdur.
Həmin gün nar məhsullarından ibarət sərgi, gənclər arasında müxtəlif yarışlar keçiriləcək, qonaqlara narın insan orqanizminə faydası barədə məlumatlar veriləcəkdir.
Tədbir konsert proqramı ilə davam etdiriləcəkdir.