“Göylərdə döyüş” filmi İsmayıllıda təqdim olunub
İsmayıllı, 7 may, AZƏRTAC
Tarixi düşmənlərimiz olan erməni qəsbkarları 1990-cı illərin əvvəllərində Şuşa və Dağlıq Qarabağı, onun şəhər və kəndlərini Azərbaycanın digər ərazilərindən təcrid etmişdi. Paytaxtla əlaqə yalnız hava nəqliyyatı ilə həyata keçirilirdi. Əslən İsmayıllı rayonunun Pirəbilqasım kəndindən olan Ərəstun Mahmudovun bort mühəndisliyi etdiyi vertolyot şuşalıların köməyinə çatmaq istəyirdi, amma çata bilmədi. İşğalçılar səmada vertolyotu vurdular. Ekipaj və sərnişinlər şəhid oldular. Ərəstun Mahmudova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Təhsil aldığı Bakı şəhərindəki 220 nömrəli məktəb indi qəhrəmanın adını daşıyır. Vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulub. İsmayıllı şəhərinin böyük bir küçəsinə Ərəstun Mahmudovun adı verilib.
Azərbaycan Mətbuat Şurası “Bitməmiş müharibənin qəhrəmanları” silsiləsindən “Göylərdə döyüş” filmini çəkməklə Milli Qəhrəmanın mənəvi abidəsini ucaldıb, onu daha geniş miqyasda tanıdıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün bunlar barədə İsmayıllıda rayon icra hakimiyyəti və Mətbuat Şurasının təşkilatçılığı ilə şəhər mədəniyyət mərkəzində keçirilən “Göylərdə döyüş” filminin təqdimat mərasimində danışılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Mətbuat Şurasının rəhbərliyinə, filmin yaradıcı heyətinə ismayıllılılar adından təşəkkürünü bildirib. Milli qəhrəmanların, şəhidlərin ailələrinə, Qarabağ müharibəsi əlillərinə rayonda böyük ehtiram, diqqət və qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli üçün gündəlik tədbirlər görüldüyünü deyib.
Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxışında belə filmlərin böyük tərbiyəvi, səfərbəredici əhəmiyyət kəsb etməsindən danışıb. Bildirilib ki, Mətbuat Şurası vətənpərvərlik ideyalarının daha geniş təbliği məqsədilə bu cür filmlərin çəkilişini davam etdirəcək.
Çıxışlardan sonra film nümayiş etdirilib.
Filmin nümayişindən sonra müəllif Bəxtiyar Qaraca “Göylərdə döyüş” ekran əsərinin üzərində işləməsindən, çəkiliş zamanı Ərəstun Mahmudovun ailə üzvləri ilə əlaqələrindən, apardığı söhbətlərdən danışıb.
Tədbirdə Ərəstun Mahmudovun yaxınları çıxış edib, xatirələrini bölüşüblər.
Məktəblilərin ifasında döyüş, vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirilib. Beş saylı tam orta məktəbin şagirdləri hərbi formada marş sədaları altında əllərində Dövlət bayraqları salona daxil olublar. Müğənni Sahibə Abdullayevanın “Yaşa, yaşa, Azərbaycan” mahnısı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.