SİYASƏT
GUAM-ın komitə iclasında Azərbaycanın maraqlarını təmin edən sənəd qəbul olunmuşdur
Tbilisi, 13 dekabr (AZƏRTAC). Tbilisi şəhərində GUAM üzvü ölkələrində ticarət və nəqletməyə yardım layihəsinin həyata keçirilməsi üzrə rəhbərlikedici komitənin 19-cu iclası keçirilmişdir. İclasda GUAM üzvü olan dövlətlərin sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə həmin ölkələrin gömrük idarələri arasında protokol layihəsi hazırlanmış və paraflanmışdır.
Azərbaycan Dövlət Gömrük Komitəsində baş idarənin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, iclasda GUAM üzvü olan dörd dövlətdən nümayəndələrin iştirakı ilə sərhəd-keçid məntəqələrində ticarətin, nəqletmənin, gömrükdə rəsmi sənədləşdirilməsinin asanlaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər müzakirə olunmuşdur. Həmçinin hər bir ölkədə bu proseslərlə bağlı görülmüş işlərin təqdimatı keçirilmiş və nəqliyyat vasitələri bir ölkədən digərinə göndərilərkən gömrükdə tərtib olunmuş sənədlər barədə məlumatın onu qəbul edəcək tərəfə əvvəlcədən ötürülməsi məsələsinə də münasibət bildirilmişdir.
İ.Babayev müzakirə olunan məsələlər barədə protokol hazırlandığını və GUAM baş katibliyinə göndərildiyini söyləmişdir. O qeyd etmişdir ki, iclasda BMT-nin UNECE-Avropa komissiyasının GUAM-la ilkin informasiya mübadiləsi məsələləri üzrə əməkdaşlığına dair müzakirələr aparılmış, komitənin növbəti iclasının keçirilməsi barədə məsələyə də baxılmışdır.
İqbal Babayev iclasın yekunları barədə məlumat verərək demişdir: “Biz protokolun tərtibi zamanı Azərbaycanın maraqlarının öz əksini tapması üçün hər şeyi etdik və yekunda bizi qane edən sənəd əldə olundu. Habelə Azərbaycan Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrin GUAM üzvləri üçün də səmərəli olduğunu, tranzit dəhlizində nəqliyyatın keçidinin sürətləndirilməsi, təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdıq və bu təcrübənin protokolda əksini tapmasına nail olduq”.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi