SİYASƏT
GUAM-ın ticarətə və daşınmalara dəstək layihəsinin həyata keçirilməsinə dair növbəti iclas keçirilmişdir
Kiyev, 13 dekabr (AZƏRTAC). Dekabrın 12-13-də Tbilisidə GUAM-ın ticarətə və daşınmalara dəstək layihəsinin (TDDL) həyata keçirilməsi üzrə Rəhbər komitənin 19-cu iclası keçirilmişdir. İclasda qurum üzvü olan dövlətlərin, BMT-nin ticarət məsələləri üzrə Avropa İqtisadi Komissiyasının və GUAM Katibliyinin nümayəndələri iştirak etmişlər. Bu barədə AZƏRTAC-a qurumun mənzil-qərargahından məlumat vermişlər.
Tərəflər TDDL-in icrası sahəsində görülmüş işlər, malların və nəqliyyat vasitələrinin sərhəddəki buraxılış məntəqələrindən keçməsi prosedurlarının sadələşdirilməsi barədə informasiya dinlənmiş, GUAM TDDL-in inkişaf konsepsiyasını müzakirə etmiş və “GUAM üzvü olan ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri barədə ilkin informasiya mübadiləsinin təşkil edilməsi barədə GUAM-ın üzvü olan dövlətlərin gömrük administrasiyaları arasında protokol”un mətnini razılaşdırmışlar.
Növbəti profil iclasın 2014-cü ilin birinci yarısında Moldovada keçirilməsi barədə razılaşma əldə olunmuşdur. Onun tarixi və yeri diplomatik kanallarla razılaşdırılacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev