“GUAM Rəqəmsal Ticarət Qovşağı”nın istifadəsi perspektivləri müzakirə edilib
Bakı, 19 mart, AZƏRTAC
GUAM-ın Kiyevdəki katibliyində GUAM sahəvi əməkdaşlığın aktivləşdirilməsi üzrə fəaliyyət planının icrası ilə bağlı “GUAM Rəqəmsal Ticarət Qovşağı”nın işlənib hazırlanması üzrə “dəyirmi masa” keçirilib.
“B.EST Solutions” Azərbaycan şirkətindən AZƏRTAC-a bildirilib ki, GUAM katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov GUAM Rəqəmsal Ticarət Qovşağının yaradılması təşəbbüsü və bu layihə çərçivəsində görüləcək işlərdən danışıb. “Dəyirmi masa”nın iştirakçıları GUAM-ın azad ticarət zonası və nəqliyyat dəhlizinin, eləcə də elektron rəqəmsal imzanın tətbiqi sahəsinin inkişafında rəqəmsal texnologiyaların tətbiqi, həmçinin GUAM-a üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri ilə rəqəmsal ticarət qovşağının istifadəsi perspektivlərini müzakirə ediblər.
Dövlət Gömrük Komitəsinin fəaliyyətinin qiymətləndirilməsi və inkişaf proqramı şöbəsinin rəhbəri İqbal Babayev tədbir çərçivəsində GUAM rəqəmsal ticarət qovşağının eskizini təqdim edib.
“B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe çıxışında GUAM-a üzv dövlətlərin dövlət sərhədlərindən keçirilən məhsulların və nəqliyyat vasitələri üçün gömrük bəyannamələrinin hazırlanması zamanı elektron, o cümlədən mobil imzaların tanınması konsepsiyasının işlənib hazırlanması və qəbulunun xüsusi əhəmiyyətini qeyd edib.
Görüşün nəticəsi kimi “GUAM Rəqəmsal Ticarət Qovşağı” layihəsinin reallaşdırılması üçün işçi qrupun yaradılması, GUAM-a üzv dövlətlər arasında pilot transsərhəd xidmətlərinin müəyyənləşdirilməsi, eləcə də “GUAM Rəqəmsal Ticarət Qovşağı”nın fəaliyyəti ilə bağlı təkliflərin işlənib hazırlanması qərara alınıb.
Tədbir çərçivəsində kiçik və orta biznesin genişləndirilməsi üzrə GUAM-Yaponiya seminarında iştirak edən ekspertlərlə görüş təşkil edilib. Tədbir zamanı iştirakçılar bu sahədə mümkün layihələr üzrə təkliflər işləyib hazırlayıb və bu layihə ilə bağlı öz qeydlərini təqdim edəcəklərini bildiriblər.