İDMAN
Güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycanın Olimpiya tarixində yeni şanlı səhifə yazmışlar
Bakı, 13 avqust (AZƏRTAC). Güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycanın Olimpiya tarixində yeni şanlı səhifə yazmışlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində paytaxt sakini Elnur Mehdiyev demişdir. O bildirmişdir ki, ölkəmizin Olimpiya yığmasının XXX London Yay Olimpiya Oyunlarında 10 medal qazanması çox böyük uğurdur. Bu uğur dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Artıq Azərbaycan güləşçiləri mötəbər yarışlarda ən çətin rəqiblərdən hesab olunurlar. Bir Azərbaycan vətəndaşı kimi mən də Olimpiya Oyunlarının başlandığı gündən üçrəngli bayrağımızın dalğalanmasını və ölkəmizin himninin səsləndirilməsini arzulayırdım. Çox sevinirəm ki, bu xoşbəxt anları yaşadım.
Qeyd edək ki, XXX London Yay Olimpiya Oyunlarında 10 medal qazanan Azərbaycan 205 ölkə arasında 29-30-cu yerləri bölüşdürür. Olimpiya Oyunlarında sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kq), Şərif Şərifov (84 kq) qızıl, yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq), qadın güləşçimiz Mariya Stadnik (48 kq) gümüş, boksçularımız Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), yunan-Roma güləşçimiz Emin Əhmədov (74 kq), qadın güləşçimiz Yuliya Ratkeviç (55 kq), sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) və ağır atletimiz Valentin Xristov (56 kq) bürünc medal qazanmışlar.