İDMAN
Güləşçilərimiz XXX London Yay Olimpiya Oyunlarında uğurlu çıxışları ilə idman tariximizə parlaq səhifə yazdılar
Qax, 13 avqust (AZƏRTAC). Güləşçilərimiz XXX London Yay Olimpiya Oyunlarında uğurlu çıxışları ilə Azərbaycanın idman tarixinə yeni, parlaq səhifə yazdılar. Qızıl medallı sərbəst güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifov isə möhtəşəm qələbələri ilə bütün Azərbaycan xalqına unudulmaz sevinc bəxş etdilər.
Bu sözləri idmançılarımızın London Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışları ilə bağlı AZƏRTAC-a müsahibəsində Qax şəhər sakini Asif Qasayev bildirmişdir.
Qələbəyə aparan yolun heç də asan olmadığını vurğulayan A. Qasayev demişdir: “Hər bir yarışda ən əsas son nəticədir. Düzdür, Olimpiadanın ilk günləri Azərbaycan idmançıları üçün o qədər də uğurlu keçmədi. Lakin güləşçilərimiz möhtəşəm qələbələri ilə intizarımıza son qoydular. Bir gündə Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızın iki dəfə göyə ucalması olduqca qürurverici idi. Bu sevinci bizə bəxş etdiklərinə görə onlara ürəkdən “çox sağ olun” deyirik. Əhsən sizə, Azərbaycan pəhləvanları!”