MƏDƏNİYYƏT
Günay Əfəndiyeva: Azsaylı türk xalqlarının mədəni irsinin qorunması Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritetlərindəndir

Bakı, 29 oktyabr, Emil Məlikov, AZƏRTAC
Azsaylı türk xalqları böyük türk dünyasının ayrılmaz bir parçasıdır. Onların mədəni irsinin qorunması, təbliği, eləcə də adət-ənənələrinin, mədəniyyətinin, incəsənətinin, tarixinin dünyaya nümayiş etdirilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritetlərindəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.
“Litva Respublikasında azsaylı milli azlıqlar, tatarlar və karaimlər yaşayır. Keçən il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikası arasında memorandum imzalandı. Memorandum özündə tatarların və karaimlərin, Litvada yaşayan türk köklü azsaylı milli azlıqların irsinin qorunmasını təşkil edirdi. Bununla bağlı keçən il artıq bizim əməkdaşlığımız başladı. Həmin il Litvada “Tatarların İli” elan olunmuşdu. Litva Respublikasının xarici işlər nazirinin iştirakı ilə burada bizim ikitərəfli görüşümüz oldu, eyni zamanda sərgi açıldı. Bu il isə Litvada “Litva Karaimlərinin İli” elan olunub və bununla bağlı bu ilin əvvəlində Litva Respublikasının birinci xanımı Diana Nausediene Fondu ziyarət etdi. Burada bizim görüşümüz oldu və daha sonra yenə sərginin açılışı keçirildi. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün bu çox önəmlidir və belə bir tədbir artıq bu əməkdaşlığın davamıdır. Burada Litva Karaimləri, Litvadan gələn qonaqlar, Karaim Cəmiyyətinin nümayəndələri iştirak edirlər. Qeyd edim ki, bizim dillər arasında demək olar ki, çox oxşarlıqlar var. Bu səbəbdən də onlar danışan zaman düşünürəm ki, onların dilini başa düşmək, elə də çətin olmur”, - deyə Günay Əfəndiyeva bildirib.