CƏMİYYƏT
Günay Əfəndiyeva: Bakı konfransı müxtəlif ölkələrdən olan qadınlar arasında vəhdətin qurulmasında önəmli rol oynayacaq

Bakı, 20 noyabr, AZƏRTAC
Qoşulmama Hərəkatının Bakı konfransı çox aktual mövzuya həsr olunub. Qadınlara hörmət mədəniyyətə, tarixə olan hörmətdir. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi müxtəlif ölkələri təmsil edən qadınlar arasında vəhdətin qurulmasında önəmli rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin noyabrın 20-də Bakıda keçirilən “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda konfransında səsləndirib.
Qədim dövrlərdə Türk dünyasında qadına, anaya olan hörmətdən, qadınların nüfuzundan danışan G.Əfəndiyeva Azərbaycanın dövlətçiliyinin tarixində iz qoyan qadınları qeyd edib. Vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalqımızın milli və mənəvi dəyələrinin qorunması istiqamətində əvəzsiz xidmətlər göstərir.
“Afrikada, Şərqi Avropada baş verən səfalət, aclıq, münaqişələrdən danışan G.Əfəndiyeva deyib: “Təəssüf ki, dünyanın bir çox yerində qadınların çətinliklərlə üzləşdiyini görürük. Yüzlərlə qadın, uşaq aclıq, səfalət və münaqişələr nəticəsində dünyasını dəyişir. Azərbaycan son 30 il ərzində işğala, zülmə məruz qalıb. Dünyada baş verən haqsızlıqlara, zülmə, istibdada qarşı hər zaman öz haqq səsimizi qaldırmalıyıq”.