İQTİSADİYYAT
Günter Ottinger: Şahdəniz” konsorsiumunun istənilən boru kəməri seçimini dəstəkləyəcəyik
Bakı, 22 dekabr (AZƏRTAC). “Cənub qaz dəhlizi” layihəsi artıq 4 ildir gündəmdədir və ən yüksək səviyyədə, dövlət başçıları tərəfindən dəstəklənmişdir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger bildirmişdir. O, qarşıdakı həftələr ərzində bu siyasətin ilk uğurunu gözlədiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, bu uğur “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində çıxarılacaq qazı Avropaya çatdıracaq əsas boru marşrutu elan ediləndən sonra baş verəcəkdir.
G.Ottinger qeyd etmişdir ki, seçim prosesinin kommersiya yekunlarından asılı olmayaraq “Şahdəniz” konsorsiumunun boru kəməri seçimini dəstəkləyəcəyik. O, eyni zamanda, ITGI (İtaly-Turkey-Greece İnterconnector) layihəsini də dəstəkləyəcəklərini bəyan edərək vurğulamışdır ki, regional layihə olan ITGI Cənub-Şərqi Avropanın təbii qaz bazarını inteqrasiya etməyə və bölgədə təchizat təhlükəsizliyini yaxşılaşdırmağa yardım edəcəkdir. Bütün bu layihələr isə Avropanın enerji təminatının şaxələndirilməsinə öz töhfəsini verəcəkdir.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Avropa bazarlarına nəqli üçün “Nabukko” konsorsiumu, bp şirkəti, ITGI və TAP layihələri öz təkliflərini təqdim etmişlər.