SİYASƏT
Gürcü professor: Keçmiş məcburi köçkünlər daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub
Bakı, 5 dekabr, AZƏRTAC
Bugünkü konfrans çox böyük maraq və əhəmiyyət kəsb edir, çünki hazırda dünyanın yenidən bölüşdürməsi prosesi baş verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya deyib.
Hazırda dünyanın müxtəlif bölgələrində çoxsaylı hərbi münaqişələr var, Azərbaycanda isə sabitlik müşahidə olunur. Ölkəniz güclü iqtisadiyyata və hərbi qüvvəyə malikdir.
“Birinci Dünya müharibəsinin sonlarında on minlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən qovulub. Qərbi Azərbaycan İcmasının əsas məqsədi isə azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasını təmin etməkdir. Heç bir beynəlxalq qanun insanların öz doğma torpaqlarına qayıtmasını qadağan edə bilməz. Buna görə də bu mövzu gündəliyin əsas məsələlərindən biridir.
Mən Azərbaycanın Qarabağ regionunu 44 günlük müharibədən qısa müddət sonra ziyarət etmişəm, erməni vandalizminin şahidi olmuşam, oradakı şəhərlər kabusa çevrilib. İlyarımdan sonra yenidən Qarabağa getmişəm və o yerləri tanımamışam - yollar yenidən tikilib, hotellər, hava limanları, eləcə də universitet istifadəyə verilib. Keçmiş məcburi köçkünlər daim Azərbaycan hökumətinin diqqət mərkəzində olublar”, - deyə o vurğulayıb.