İDMAN
Gürcüstan idmançısı Bakıda atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı Beynəlxalq turnirin ikinci günündə “Böyük yarış”ın qalibi olmuşdur[YENİLƏNİB]
Bakı, 3 may (AZƏRTAC). Binə qəsəbəsindəki “Elite Horse Club”un açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı Beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan, ümumilikdə, 25-ə yaxın idmançı 65 atla iştirak edir.
Mayın 4-dək davam edəcək turniri Türkiyə, Bolqarıstan, Rusiya, İran və Rumıniyadan dəvət olunmuş hakimlər kollegiyası idarə edir.
Turnirin ikinci günündə - mayın 3-də əvvəlcə yeddi yaşadək atlar arasında maneələrin hündürlüyü 125 santimetr olan yarış keçirilmişdir.
Maraqlı idman mübarizəsi şəraitində davam edən yarışda Azərbaycan idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla birinci yeri tutmuşdur. Gürcüstanlı Giorgi Toxadze “Rene” ləqəbli atla ikinci, digər idmançımız Manuela Kiss üçüncü olmuşlar.
Daha sonra yeddi yaşdan yuxarı atlar arasında maneələrin hündürlüyü 130 santimetr olan medium klass (təsəlli) yarışı keçirilmişdir.
Yarışda iranlı Masud Mokarinezad “Baghera” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci pillədə qərarlaşmışdır. Digər İran idmançıları - Məcid Şərifi “U2” ləqəbli atla ikinci, Kaveh Farbod “Zakinthos” ləqəbli atla üçüncü pilləni özləri üçün təmin etmişlər.
Günün sonunda yeddi və yeddi yaşdan yuxarı atlar arasında maneələrin hündürlüyü 145 santimetr olan “Böyük yarış” keçirilmişdir.
Gürcüstanlı Şalva Qaçeçiladze “Chewing Gum 3” ləqəbli atla böyük yarışın qalibi adını qazanmışdır. Milli komandamızın üzvü Camal Rəhimov “Platin E” ləqəbli atla ikinci, iranlı Məzair Camşid Xani “Centoria BZ” ləqəbli atla üçüncü olmuşlar.
Yarışın ümumi mükafat fondu 265 min ABŞ dollarıdır.