GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏDLƏRİN SİYAHISINDA 10 NƏFƏR AZƏRBAYCANLI VARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda qanunvericilik hakimiyyətini həyata keçirən ali səlahiyyətli orqan-parlamentə seçkilərə hazırlığın növbəti mərhələsi başlanmışdır.
Seçkilərə bir ay qalmış Mərkəzi Seçki Komissiyası 6-cı çağırış parlamentdə təmsil olunan siyasi partiyalar və seçki bloklarından olan namizədlərin siyahısını qeydiyyatdan keçirmişdir. Mayın 21-də keçiriləcək seçkilərin gedişində parlamentə həm proporsional, həm majoritar qaydaların hər biri üzrə 75, ümumilikdə 150 deputat seçiləcəkdir.
Seçkilərdə 9 partiya və 3 seçki bloku iştirak edəcəkdir. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlıları müxtəlif partiyalarda təmsil olunmaqla fərqlənirlər. Altıncı çağırış çağırış parlamentə seçkilərdə qeydə alınan namizədlərin siyahısında 10 nəfər azərbaycanlının da adı vardır. Ramin Bayramov, İsfahan Şamilov proporsional sistem üzrə, Azər Süleymanov isə majoritar qaydada hakim “Milli hərəkat Gürcüstanın qələbəsi uğrunda” partiyasından namizəd irəli sürülmüşlər.
Birləşmiş müxalifəti təmsil edən Milli Şura-“Sağçılar” blokundan Hüseyn Əsgərov, Nizami Məmmədov,Tahir Şahverdov proporsional sistem üzrə, Respublikaçılar partiyasından majoritar qaydada Əli Babayev və Kamil Əliyev, Xristian-demokratlar alyansından proporsional sistem üzrə Fazil Əliyev və Abay Paşayev deputatlığa namizəd qeydə alınmışlar.