Gürcüstan paytaxtında Milad bayramı ənənəvi “Alilo” yürüşü ilə davam edib
Tbilisi, 7 yanvar, AZƏRTAC
Bu gün Gürcüstanda İsa peyğəmbərin mövlud günü - Milad bayramı təntənə ilə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, yanvarın 6-da gecə saat 00:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilib.
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya ruhanilərlə görüşüb, dualar oxunub. Patriarx əhalini Milad bayramı münasibətilə təbrik edib.
Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edib.
Tbilisidəki Respublika meydanından başlayan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatıb. Yolboyu müxtəlif dini ayinlər icra edilib, dualar oxunub.
Müxtəlif küçə və prospektlərlə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyat və ianələr veriblər.
Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs Troitsa kilsəsində iştirakçıları salamlayıb, onlara xeyir-dua verib.
İştirakçılar Patriarx II İliyaya şirniyyat təqdim ediblər.
Bununla da Pravoslav xristianlarının bayram tədbirləri başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi