Gürcüstan polisi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib

Tbilisi, 12 mart, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ölkənin müxtəlif bölgələrində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı narkotik cinayəti ilə bağlı 23 nəfər, o cümlədən 14 narkotik satıcısı saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilir ki, DİN-in Mərkəzi Cinayət Polisi Tbilisi, Sameqrelo-Yuxarı Svaneti, Acarıstan, Kvemo Kartli və İmereti polis departamentlərinin əməkdaşları ilə birgə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ilə bağlı 23 nəfəri saxlayıb, onlardan 14-ü narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdir. Onlar narkotik vasitələrin böyük və xüsusilə böyük miqdarda qanunsuz dövriyyəyə buraxılması, satışına cəhd və satışına hazırlıq faktları üzrə saxlanılıblar. Saxlanılanlar arasında Gürcüstan, Azərbaycan, Fransa, Moldova, Rusiya və İran vətəndaşları var.
Bundan əlavə, böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin, o cümlədən “marixuana”nın qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana qanunsuz gətirilməsi faktları üzrə aşağıdakı şəxslər saxlanılıb.
Hüquq-mühafizə orqanları narkotik cinayətləri ilə bağlı saxlanılan şəxslərin üzərində, yaşayış yerlərində və avtomobillərində, həmçinin onların göstərdiyi yerlərdə axtarış aparıb və müxtəlif növ, xüsusilə böyük miqdarda narkotik maddələr, o cümlədən heroin, kokain, metadon, “alfa-PVP” və marixuana aşkar edərək götürüblər.
İstintaq tədbirləri nəticəsində polis narkotiklərin satışından əldə edildiyi ehtimal olunan pul vəsaitlərini, yapışqan lentləri və elektron tərəziləri maddi sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə davam etdirilir.
Cinayətlərə görə, saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi