DÜNYA
Gürcüstan-Rusiya danışıqlarının növbəti raundu qeyri-müəyyən vaxtadək təxirə salınıb

Tbilisi, 25 aprel, AZƏRTAC
Gürcüstanla Rusiya arasında Cenevrə formatındakı danışıqların 56-cı raundu qeyri-müəyyən vaxtadək təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat Rusiyadakı mənbələrə istinadla xəbər verib.
Bildirilib ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar məlumat yayıb. Onun sözlərinə görə, danışıqlar BMT, ATƏT və Avropa İttifaqının təşəbbüsü ilə təxirə salınıb.
D.Qonçar qeyd edib ki, formatın işinin dayandırılması Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmir.
Qeyd edək ki, Gürcüstan ilə Rusiya arasında beynəlxalq Cenevrə danışıqları BMT, ATƏT və Aİ-nin vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından başlayıb. Bu danışıqlar Gürcüstan və Rusiya arasında gücün tətbiq edilməməsi üzrə öhdəliklər, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması və məcburi köçkünlərin evlərinə dönməsi ilə bağlı məsələlərin müzakirə olunduğu yeganə formatdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi