Gürcüstan və Azərbaycan “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində sərhəd məntəqəsi tikməyi planlaşdırırlar
Bakı, 4 may, AZƏRTAC
Gürcüstan və Azərbaycan “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində ilk birgə sərhəd məntəqəsini yaratmağı planlaşdırırlar.
AZƏRTAC “Novosti-Qruziya” saytına istinadla xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Asiya İnkişaf Bankının Direktorlar Şurasının mayın 3-dən 6-dək Manilada keçirilən 51-ci ənənəvi görüşündəki çıxışında bəyan edib.
M.Baxtadze deyib: “Gürcüstan Asiya İnkişaf Bankının maneəsiz ticarətə dair konsepsiyasını tam dəstəkləyir. Məhz bu səbəbdən biz Azərbaycanla birlikdə ilk birgə sərhəd məntəqəsinin tikintisi imkanını nəzərdən keçiririk”. Amma nazir yeni layihənin təfərrüatlarını açıqlamayıb.
M.Baxtadzenin sözlərinə görə, Yeni İpək Yolu layihəsində iştirak etmək üçün Gürcüstan daha çox maliyyə resursu cəlb etməlidir.
2013-cü ildə Çin yeni iqtisadi inkişaf strategiyasını - infrastrukturun yaradılmasına və Avrasiya ölkələri arasında qarşılıqlı əlaqələrin qurulmasına yönəldilən “Bir kəmər- bir yol” strategiyasını elan edib. Bu strategiya inkişafın iki mühüm istiqamətini - İpək Yolu İqtisadi Kəmərini və Dəniz İpək Yolunu nəzərdə tutur. Söhbət güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa yükdaşımaları üçün ticarət dəhlizinin yaradılmasından gedir.