GÜRCÜSTANDA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 24-də Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın da qatıldığı tədbirin iştirakçıları Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklillər qoymuşlar.
Azərbaycanın ictimai-siyasi xadimlərinin Nəbatat bağındakı məzarları üzərinə də gül-çiçək düzülmüşdür.
Sonra mərasim Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbiri mədəniyyət mərkəzinin direktoru Fazil Həsənov açmış, Gürcüstanın və Azərbaycan Respublikasının Dövlət himnləri səslənmişdir.
F.Həsənov Azərbaycan və Gürcüstan demokratik respublikalarının 90 illik yubileyləri ilə əlaqədar ətraflı məlumat vermiş, öz azadlığı və müstəqilliyi uğrunda mübarizələrdən uğurla çıxmış xalqlarımızın ulu əcdadların nəsihətlərinə həmişə sadiqlik nümunəsi göstərdiklərini vurğulamışdır.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva tədbir iştirakçılarına ölkəmizin öz müstəqilliyi uğrunda mübarizə tarixindən danışmış, respublikamızın əldə etdiyi uğurlar, Azərbaycanın dünyada getdikcə artan nüfuzundan ətraflı söhbət açmışdır. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” kəlamını xatırladan Qənirə Paşayeva Azərbaycan xalqının ümummilli liderin ideyalarına sadiq qaldığını, Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkənin getdikcə çiçəkləndiyini vurğulamışdır.
Həmin gün Qənirə Paşayeva Bolnisi rayonundakı 4 Azərbaycan məktəbinə Heydər Əliyev Fondunun hədiyyəsini - kompyuterlər və kitabları təqdim etmişdir. Məktəbin müəllim və şagirdləri hədiyyəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etmişlər.