GÜRCÜSTANDA AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRİLMİŞDR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 28-də Gürcüstanda Azərbaycanın Respublika günü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Həmin gün ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycanın Gürcüstandakı iş adamları, ictimaiyyətin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etmiş, önünə əklillər, tər-çiçəklər qoymuşlar. Tədbir iştirakçıları Azərbaycanın ictimai-siyasi xadimlərinin Tbilisinin Botanika bağındakı qəbirləri üzərinə də gül-çiçək dəstələri qoymuşlar.
Sonra Çavçavadze adına Tbilisi Universitetində tələbələrin səfirlik əməkdaşları ilə görüşü keçirilmişdir. Səfir Namiq Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Azərbaycan Respublikasının keçdiyi müstəqillik yolundan danışmışdır. Bu yolun asan olmadığını vurğulayan səfir demişdir ki, çox da uzun ömrü olmayan xalq cümhuriyyəti məhz bu yolun başlanğıcı oldu, ciddi problemlərlə, ədalətsizliklərlə üzləşən Azərbaycan xalqı da gürcülər kimi XX əsrin sonlarında öz müstəqilliyini bərpa edə bildi. Sovet imperiyasının güclü təzyiqinə, Bakıda və Tbilisidə qan tökməsinə baxmayaraq, xalqlarımız öz haqq işinə qovuşdular. Şəhid qanı bahasına qazanılmış müstəqilliyimizin dönməz olduğunu vurğulayan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan, səriştəsiz rəhbərlikdən, özbaşınalıqdan xilas etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınıb şöhrətlənməsi istiqamətində uğurlu xarici siyasət xətti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və ölkənin nüfuzu sürətlə artır. Tarixi qonşuluq və dostluq ideallarına sadiq qalan Azərbaycan və Gürcüstanın münasibətlərinin daha da dərinləşdirilməsi, ölkələrimizin prezidentlərinin dostluğunun nümunəyə çevrilməsi Qafqazda sabitliyə, xalqlarımızın rifahına xidmət edir. Azərbaycan Gürcüstanla daim xoş münasibətdə olmuşdur, bəzən özünün ehtiyacı olsa belə dost ölkəyə yardım etmişdir. Beynəlxalq təşkilatlarda məsələlər müzakirə olunarkən də bu birlik nümayiş etdirilir. Məhz həmin birlik ölkələrimizi təhlükələrdən xilas etmiş və bundan sonra da edəcəkdir. Bu birlik dənizdən-dənizə “böyük dövlət” yaratmaq xülyasına düşənlərin niyyətini gözündə qoymuşdur. Müstəqillik yolunda keçid dövrü çətinliklərinə məruz qalan ölkələrimiz artıq kövrək addımlardan inamla irəliləyişə keçmişlər, əsrin qlobal layihələrinin iştirakçısı kimi dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədirlər. Bu yol haqq yoludur və heç kəs bizi bu yoldan döndərə bilməyəcəkdir.
Sonra Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Elxan Poluxov tələbələrə ingilis dilində Azərbaycan xalqının keçdiyi müstəqillik yolunun, Azərbaycan-Gürcüstan dostluğunun tarixi barədə ətraflı məlumat vermişdir.
Görüşdə tələbələrin sualları cavablandırılmışdır.
Görüş Azərbaycan Dövlət Konservatoriyası tələbələrinin konsert proqramı ilə başa çatmışdır. Mayın 28-də Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi Tbilisinin “Şereton-Metexi-Palas” mehmanxanasında ölkəmizin milli bayramı münasibətilə qəbul təşkil etmişdir.
Qəbulda Gürcüstan parlamentinin, hökumətin, Gürcüstan ictimaiyyətinin bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.