CƏMİYYƏT
Gürcüstanın Kareli bölgəsində yerləşən şəkər zavodunda yanğın baş verib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstanın Kareli bölgəsində yerləşən “Aqara” şəkər zavodunda yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsinə 10 yanğınsöndürmə briqadası cəlb olunub.
Zavodun direktoru Əlixan Əlizadə AZƏRTAC-a bildirib ki, yanğının başvermə səbəbi hələlik məlum deyil. İstehsal müəssisəsinə dəyən ziyan dəqiqləşdirilir. Yanğın nəticəsində insan tələfatı olmayıb.
Qeyd edək ki, “Aqara” şəkər zavodunu “Azərsun Holdinq" MMC-nin Gürcüstanın Kareli şəhərinin Aqara kəndində inşa etdirib.
“Aqara” şəkər zavodu fəaliyyəti dövründə nəinki Gürcüstanda, bütün bölgədə ərzaq tədarükünün tələbat və strukturunda mühüm rol oynayan istehsal müəssisədir.
Yerli mətbuatın yazdığına görə, zavodda 300 tondan çox şəkər məhsulu olub. Yanğın nəticəsində məhsulun böyük hissəsi məhv olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi