GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
AZƏRBAYCAN MÜDAFİƏ NAZİRİNİN GÜRCÜSTANA RƏSMİ SƏFƏRİ ZAMANI DİGƏR MÜHÜM MƏSƏLƏLƏR DƏ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev gürcüstanlı həmkarı general-leytenant David Tevzadzenin dəvəti ilə onun ölkəsində üçgünlük rəsmi səfərdə olmuşdur.
Dekabrın 15-də Tbilisi hava limanında Səfər Əbiyevi və onu müşaiyət edən nümayəndə heyətini David Tevzadze, Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev və digər rəsmi şəxslər qarşıladılar.
Dekabrın 16-da Gürcüstanın müdafiə naziri David Tevzadze Azərbaycanın müdafiə naziri Səfər Əbiyev başda olmaqla nümayəndə heyətini qəbul etdi. Bağlı qapı arxasında keçirilən görüşdə tərəflər Gürcüstanla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzaladılar.
Qəbuldan sonra nazirlər mətbuat konfransı keçirdilər. Onlar bildirdilər ki, görüşdə əsasən regionda təhlükəsizlik, terrorizmə və separatçılığa qarşı birgə mübarizə, iki ölkənin hərbi sahədə əməkdaşlığını inkişaf etdirmək məsələləri müzakirə olundu, Qafqazda hərbi-siyasi vəziyyət, NATO ilə əməkdaşlıq və ölkələrimizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakı, barədə fikir mübadiləsi aparıldı.
Nazirlər Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəklədiklərini, beynəlxalq terrorizmi və təcavüzkar separatizmi qətiyyətlə pislədiklərini bəyan etdilər.
General-polkovnik Səfər Əbiyev guya Ukrayna və Ermənistanın iştirakı ilə Azərbaycan və Gürcüstanın birgə hərbi təlimlər keçirəcəkləri barədə kütləvi informasiya vasitələrində yayılmış yalan xəbərlərə ciddi etirazını bildirərək tam qətiyyətlə bəyan etdi: Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmayınca, təcavüzkarla heç bir sahədə əməkdaşlıqdan söhbət belə gedə bilməz!
Həmin gün Gürcüstan xarici işlər nazirinin birinci müavini David Abşauri Azərbaycanın müdafiə nazirini qəbul etdi. Görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən də hərbi sahədə əməkdaşlığı daha da genişləndirmək yolları müzakirə olundu.
Bundan sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini Gürcüstan parlamentinin sədri Nino Burcanadze qəbul etdi. General-polkovnik Səfər Əbiyev səfər çərçivəsində keçirdiyi görüşlər barədə parlamentin sədrinə məlumat verdi və Rusiyanın Gürcüstan ərazisindəki hərbi bazalarından çıxarılan hərbi texnikanın və silahların Ermənistanda yerləşdirilməsi məsələsinə toxunaraq bunun ölkələrimiz üçün gələcəkdə böyük təhlükə mənbəyinə çevriləcəyini diqqətə çatdırdı. Xanım Burcanadze də Rusiyanın bu addımını pislədi və bunun ATƏT-in İstanbul zirvə toplantısının qərarlarına zidd olduğunu dedi. Parlamentin sədri 2003-cü ildən başlayaraq Gürcüstan azərbaycanlılarından hər il on nəfərin Azərbaycan hərbi məktəblərində təhsil almağa göndərilməsi barədə razılaşmanı müsbət qarşıladı.
Dekabrın 16-da axşam Gürcüstan Prezidenti Eduard Şevardnadze Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul etdi. Cənab Şevardnadze ölkələrimiz arasında hərbi sahədə də əməkdaşlığın gözəl nəticələr verəcəyinə və bunun həm Gürcüstanın, həm də Azərbaycanın silahlı qüvvələrinin və strateji tərəfdaşlığımızın möhkəmlənməsinə yaxşı təsir göstərəcəyinə əmin olduğunu bildirdi. Səfər Əbiyev Azərbaycan Prezidenti Heydər Əliyevin salamını və xoş arzularını Gürcüstan dövlətinin başçısına yetirdi və ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın perspektivlərindən danışdı.
Dekabrın 17-də Azərbaycanın nüdafiə naziri general-polkovnik Səfər Əbiyev və onu müşayiət edən nümayəndə heyəti Vətənə qayıtdılar.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi