“Hacıqabul Quşçuluq” MMC İrana 50 milyon ədəd yumurta ixrac edəcək
Bakı, 30 yanvar, AZƏRTAC
Ötən il “Hacıqabul Quşçuluq” MMC-də 2 min 200 ton quş əti və 300 milyon ədəddən çox əmtəəlik yumurta istehsal olunub ki, bundan 15 milyonu xarici ölkələrə ixrac edilib. Eyni zamanda, il ərzində 15 min baş damazlıq fərə Gürcüstana ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Hacıqabul Quşçuluq” MMC-nin direktoru Nemət Babaşov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında bildirib.
Onun sözlərinə görə, quşçuluq təsərrüfatı müasir avadanlıqlarla təchiz edilib və regionda böyük istehsal gücünə malik kompleksə çevrilib. Azərbaycanda ən böyük əmtəəlik yumurta istehsalçılarından biri olan təsərrüfatda 600 işçi çalışır. Quşçuluq təsərrüfatı 110 fermadan, birdəfəlik yumurta tutumu 1 milyon ədəd olan inkubator sahəsindən, ümumi tutumu 100 min ton olan müasir taxıl anbarından, saatda 45 ton istehsal gücü olan yem zavodlarından və digər köməkçi sahələrdən ibarətdir. Təsərrüfatın müasir texnologiyaların tətbiqi ilə qurulması və istehsal proseslərinin tam avtomatlaşdırılması yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalına zəmin yaradır. Bunun nəticəsidir ki, istehsal ildən-ilə artır. Məhsullar daxili bazarın təmin edilməsi ilə yanaşı, xarici bazarlara da ixrac olunur.
“Cari ildə də keyfiyyətli toyuq yumurtası ixrac etmək məqsədilə yeni müqavilələr bağlayır, marketinq və logistika araşdırmaları aparırıq. Bununla bağlı, İran İslam Respublikasına 50 milyon ədəd yumurta ixrac olunması üçün müqavilə bağlanılıb və bundan 1,8 milyon ədədinin ixracı ötən həftə həyata keçirilib”, - deyə “Hacıqabul Quşçuluq” MMC-nin direktoru Nemət Babaşov bildirib.