Hakimiyyətin yəhudi icmalarına xeyirxah dəstəyi, digər konfessiya və etnosların yəhudilərə dostluq münasibəti Azərbaycanda yəhudi icmalarının uğurlu inkişafı üçün çox yaxşı şərtlərdir
Bakı, 5 may (AZƏRTAC). Yəhudi Xəbərlər Agentliyi (YXA) İsrailin xarici işlər naziri Aviqdor Libermanın dağ yəhudilərinin Bakıdakı sinaqoqunda respublikanın yəhudi icmalarının fəalları ilə görüşünə həsr olunmuş “Bakıda sinaqoqda görüş” adlı məqalə dərc etmişdir.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakı sinaqoqunda İsrail XİN-in rəhbəri ilə görüşə 150-dən çox yəhudi fəalının, o cümlədən Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) respublikadakı şöbəsinin rəhbəri Semyon İxiilovun, tanınmış yəhudi tarixçi, ölkənin yəhudi icmasının Azərbaycan Tolerantlıq Mərkəzindəki nümayəndəsi Moşe Bekkerin və icmaların digər nüfuzlu nümayəndələrinin gəldiyi bildirilir.
Dağ yəhudiləri dini icması idarə heyətinin sədri Milix Yevdayev ABŞ-da səfərdə olduğu üçün görüşdə iştirak etməmişdir.
Aviqdor Libermanın Azərbaycan yəhudiləri ilə dialoqu bir saatdan çox davam etmişdir. İsrail XİN-in rəhbəri yəhudi xalqının tarixi vətənindəki vəziyyət, ölkənin xarici və daxili siyasətdə, iqtisadiyyatda, humanitar sahədə əldə etdiyi uğurlar barəsində danışmışdır.
Aviqdor Liberman demişdir: “Hazırda Yaxın Şərqdə baş verən hadisələr kontekstində fəxrlə deyə bilərəm ki, İsrail bu narahat regionda sabitlik və rifah adasıdır”.
Aviqdor Liberman onu da qeyd etmişdir ki, İsrail və Azərbaycan bütün sahələrdə münasibətlərini uğurla inkişaf etdirir və respublikanın yəhudi icmaları bu prosesə əhəmiyyətli töhfələr verirlər.
İsrail XİN-in rəhbəri Azərbaycan yəhudilərini məlumatlandırmışdır: “Ölkələrimizin yüksək texnologiyalar sahəsində, kənd təsərrüfatı və iqtisadiyyatın digər sektorlarında yaxşı əməkdaşlıq perspektivləri vardır”.
Moşe Bekker Yəhudi Xəbərlər Agentliyinə bildirmişdir: “Tolerant Azərbaycanda yəhudilərə müsbət münasibət vardır. Bunu ümummilli lider Heydər Əliyev “Yəhudilər Azərbaycanda rahat yaşaya bilərlər” tarixi frazasını söyləməklə konseptual şəkildə ifadə etmişdir.
Səriştəli tarixçi kimi təsdiq edirəm ki, bu fenomen tarixən yaranmışdır. Hakimiyyətin yəhudi icmalarına xeyirxah dəstəyi, digər konfessiya və etnosların yəhudilərə dostluq münasibəti Azərbaycanda yəhudi icmalarının uğurlu inkişafı üçün, müqəddəs Tövratın tövsiyələrinə əsaslanan və İsrail xalqının ənənələrinə uyğun olan həyat üçün çox yaxşı şərtlərdir.
Bütün bu həqiqətləri biz yenidən İsrail XİN-in rəhbəri Aviqdor Libermanın nəzərinə çatdırdıq. Əlbəttə, bunu İsraildə yaxşı bilirlər, lakin səmimi və xoş sözləri təkrar etmək olar və təkrar edilməlidir”.