CƏMİYYƏT
Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” adlı təlim kursunun açılış mərasimi olub



Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da hüquq peşəkarları üçün İnsan Hüquqları sahəsində Təhsil Proqramının (HELP) “Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” adlı təlim kursunun açılış mərasimi keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbir “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində Əməkdaşlıq Proqramları Bölməsi tərəfindən təşkil olunub.
Bir aylıq təlim kursunun məqsədi hər üç peşə nümayəndələrinin bir-birinin etik davranış öhdəlikləri ilə daha yaxından tanış olması, eyni zamanda, bu sahə üzrə beynəlxalq standartların milli səviyyədə tətbiqi təcrübəsinin genişləndirilməsidir.
Hibrid formatda keçirilən açılış mərasimində Vəkillər Kollegiyasının sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov, Avropa Şurası İnsan hüquqları, Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq standartlarının icrası departamentinin rəisi Frédéric Dolt, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dekan müavini, HELP proqramının hakimlər üzrə əlaqələndiricisi Günel Sadıqova iştirak ediblər.
Frédéric Dolt çıxış edərək təlim kurslarının mahiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. O, belə təlim kurslarının nəticəsində hakimlərin, prokurorların və vəkillərin insan hüquqları üzrə tədrisin müasir metodlarına yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Şahmar Məmmədov tədbir iştirakçılarını Kollegiyanın sədri Anar Bağırov və bütün vəkil korpusu adından salamlayıb, HELP proqramının əhəmiyyətini vurğulayıb. Son illərdə Vəkillər Kollegiyasının verdiyi töhfələrdən bəhs edib. Onun sözlərinə görə, ötən dövrlərin statistik göstəricilərini nəzərdən keçirdikdə görmək olar ki, HELP platformasından istifadə edən vəkillərin sayı kifayət qədər artıb. Sədr müavini bildirib ki, təlimçilərin böyük bir hissəsi vəkillərdir və bu, təqdirəlayiq haldır, çünki vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində əsas yerlərdən birini tutur.
Bundan başqa, Ş.Məmmədov bugünkü təlim kurslarının mövzusuna uyğun olaraq, 2017-ci ildən etibarən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun təşkil olunmasını xüsusilə qeyd edib. Hüquqi Yardım və Tədris Mərkəzinin potensialı, burada təşkil edilən çoxsaylı təlimlər, ixtisasartırma kursları, HELP proqramı ilə əməkdaşlıq, iştirakçılarla bağlı statistika barədə geniş məlumat verib.
Həmçinin Tural Aslanov və Günel Sadıqova da tədbir iştirakçılarının qarşısında çıxış edərək təlim kursları barədə danışıb, iştirakçıları məlumatlandırıblar.
Eləcə də Avropa Şurası, Avropa İttifaqında HELP proqramı, layihə koordinatoru Ana-Maria Telbis tərəfindən “HELP fəaliyyətləri, təlim kurslarının həyata keçirilməsi və statistik məlumat”, Türkiyə Ədliyyə Akademiyasından HELP üzrə əlaqələndirici şəxs Onur Utku Sevim “Türkiyə Ədliyyə Akademiyasında HELP təlim kurslarının həyata keçirilməsi” mövzuları üzrə təqdimat ediblər.
Tədbirin ikinci hissəsində isə HELP təlimçiləri Günel Sevdimalıyeva, Günay Əyyubova və Sadiq Bağırov tərəfindən müvafiq olaraq “Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” mövzularında ayrı-ayrı təlim sessiyaları start götürüb.