HEYDƏR ƏLİYEV - 1
Hanoyda “Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfrans keçirilib VİDEO
Hanoy, 10 may, AZƏRTAC
Mayın 10-da Hanoyda Vyetnam Diplomatik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Vyetnamdakı səfirliyi və Vyetnamın Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılışında çıxış edən akademiyanın rektoru Pham Lan Dunq və ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə Azərbaycan ilə Vyetnam xalqları arasında dostluq münasibətlərinin qurulmasında Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1983-cü ildə keçmiş Sovet İttifaqı Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışarkən sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfər edib. Həmin səfər keçmiş SSRİ-nin Vyetnamla münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bundan başqa, həmin səfər daim müharibələrdən, işğallardan, müstəmləkəçilikdən əziyyət çəkən Vyetnama xarici təhdidləri dövrünə təsadüf edirdi. Belə demək olarsa, Heydər Əliyevin səfəri Vyetnam dövləti və xalqı üçün müstəqilliyinin, suverenliyinin qorunması üçün böyük bir ümid idi. Məhz həmin səfərdən sonra Heydər Əliyev sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilmişdi. Heydər Əliyev səfər çərçivəsində paytaxt Hanoyla yanaşı, ölkənin cənubundakı sahil şəhəri olan Vunqtauya da baş çəkərək, orada neft sənayesinin qurulması üçün görülən işlərlə tanış olub. Məhz həmin səfərdən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafında daha fəal iştirakı müşahidə olunub.
Tədbirdə Heydər Əliyevin Vyetnama səfərinə, Azərbaycan-Vyetnam dostluq münasibətlərinə, müasir dövrdə əlaqələrimizin inkişafına dair videoçarx nümayiş etdirilib.
Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Pham Honq Quanq, Vyetnam Tarix İnstitutunun direktor əvəzi Tran Thi Phuonq Hoa, ADA Universiteti prorektorunun müşaviri, inkişaf və diplomatiya institutunun direktoru Aygün Hacıyeva, Vyetnam Diplomatik Akademiyasının lektorları Doan May Linh və Le Thanh Binh Azərbaycan-Vyetnam dostluq münasibətlərinə Ulu Öndər Heydər Əliyevin töhfələrinə dair məruzə və təqdimatlar ediblər.
Çıxışlarda qeyd olunub ki, Vyetnam dövləti və xalqı Azərbaycanın müharibə dövründə və sonrakı zamanda Vyetnama verdiyi böyük dəstəyi, o cümlədən Heydər Əliyevin Vyetnama böyük diqqətini daim məmnunluqla xatırlayır. Vyetnamda Heydər Əliyevi Vyetnamın böyük dostu kimi qəbul edirlər. Bundan başqa, Azərbaycandan olan mütəxəssislərin Vyetnamdakı fəaliyyəti, xüsusən də Vyetnamın neft-qaz sənayesinin təşkilindəki əvəzsiz rolu, habelə Azərbaycan təhsil ocaqlarını bitirmiş minlərlə vyetnamlı məzunun Vyetnamın müharibədən sonrakı bərpası və inkişafında yaxından iştirakı Vyetnamda daim yüksək qiymətləndirilir. Məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artmışdır. Həmin tələbələrin bəzilərinə diplomları şəxsən Heydər Əliyev təqdim edib ki, bu da həmin məzunların yaddaşında görkəmli dövlət xadiminə qarşı dərin hörmət və məhəbbətin yaranmasına səbəb olub. Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələr tutub, onlar arasında parlament sədrinin müavini, nazir, nazir müavini, parlamentin üzvü, ordunun rəhbər şəxsləri də olub. Konfransda iştirak edən həmin məzunlardan bir neçəsi Azərbaycanda təhsil alarkən, müəllimlərin, tələbələrin, ümumilikdə, insanların onlara qayğı və məhəbbətlə yanaşdıqlarını məmnunluqla xatırlayıblar.
Konfransda münasibətlərimizin hazırkı vəziyyətindən də söz açılıb, bu xüsusda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Vyetnamla tarixi dostluq münasibətlərinin davamı olaraq, 2014-cü ildə Vyetnama dövlət səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığı, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana rəsmi səfərinin isə iki ölkə arasındakı çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə güclü təkan verdiyi qeyd edilib. Bundan başqa, hökumət, parlament və partiyalar arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən məmnunluq ifadə olunub, son illərdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclaslarının, habelə Azərbaycan-Vyetnam dostluq və biznes forumlarının müntəzəm olaraq hər iki ölkədə uğurla keçirildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, dövlətimizin başçısı 2014-cü ildə Vyetnamda səfərdə olarkən, vaxtilə Azərbaycan təhsil ocaqlarından məzun olmuş vyetnamlılarla yaddaqalan görüş keçirib, onlarla səmimi söhbət edib. Məhz həmin görüşdən sonra Azərbaycan təhsil ocaqlarının məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti yaradılıb. Bundan başqa, Vyetnam Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində təsis edilən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzi fəaliyyətə başlayıb, Bakıda və Vunqtauda dostluq forumları keçirilib.
Beynəlxalq Musiqi Şurasının Azərbaycandakı prezidenti Nigar Axundova və görkəmli dövlət xadimi Heydər Əliyevin Vyetnama səfəri zamanı onun keçirdiyi görüşlərdə tərcüməçisi olmuş Nquyen Van At Vyetnamın sabiq Prezident Ho Şi Minin Azərbaycana səfəri və Heydər Əliyevin Vyetnama səfəri ilə bağlı xatirələrini virtual formatda konfrans iştirakçıları ilə bölüşüblər.
Konfrans iştirakçıları Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin iki xalq arasında dostluğa verdiyi töhfələrə, Prezident İlham Əliyevin Vyetnama səfərinə dair fikirlərini bölüşüblər.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 40 il bundan əvvəl Vyetnam xalqına göstərdiyi dostcasına münasibət Vyetnam xalqının yaddaşında əbədi həkk olunub. Həmin münasibətin əsasında iki xalq, iki dövlətin dostluq əlaqələri qurulub.
Konfransın davamı olaraq, Vyetnamın dövlət və hökumət nümayəndələrinin, bu ölkədə akkreditə olunmuş səfirlərin iştirakı ilə ziyafət təşkil olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy