REGİONLAR
Həftəsonu yarmarkalarında satışa 40-dan artıq regiondan kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Dekabrın 3-4-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeronda “Kənddən şəhərə” yarmarkaları keçiriləcək. Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək, məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
Budəfəki “Kənddən şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 80-ə yaxın fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yaxınlığı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
“Kənddən şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.